Reklam verin!
Yuma Ailə Jurnalı
 Füzuli Sabiroğlu : MƏNİM ŞƏHƏRİMİN NAĞILI

Navigation


RSS: Yazılar



MƏNİM ŞƏHƏRİMİN NAĞILI

May 1, 2008 0:48, Müxtəlif yazılar, sabiroghlu, Şərhlər(0)

(Eyni adlı sənədli televiziya filminin mətn variantı)

Yay tətilində sinif yoldaşlarım, dostlarım hərəsi bir rayona,bir kəndə nənələrinin,babalarının yanına getdilər. Mən isə heç bir yerə getmədim.Mənim nənəm də,babam da bu şəhərdə yaşayır. Atam,anam kimi mən də bu şəhərdə dünyaya gəlmişəm. Mən Sumqayıtlıyam…Müəllim bizə yay tətilində yaşadığımız şəhər haqqında inşa yazmaq tapşırıb. Dərslərin başlanmasına lap az qalıb, ancaq mən hələ də inşanı yazmamışam. Tənbəllikdən yox e, sadəcə mən elə bir inşa yazmaq istəyirəm ki, bütün uşaqlarınkından fərqlənsin. Ancaq nə yazım, necə yazım özüm də bilmirəm.  Lap balaca olanda nənəm mənə tez-tez nağıllar söyləyərdi. O nağıllarda da həmişə uzaq-uzaq ölkələrdən, şəhərlərdən, kəndlərdən danışılırdı. Bir dəfə hardansa ağlıma gəldi, nənəmə dedim ki, ay nənə mənə Sumqayıtın nağılını danış. Nənəm də fikirləşdi-fikirləşdi qayıtdı ki, ağrın alım Sumqayıt nağıllardan sonra yaranıb, ona görə də onun nağılı yoxdur.Bax, o vaxtdan fikirləşirəm ki, burada yaşayanların hərəsi Azərbaycanın ayrı-ayrı yerlərindən köçüb gəliblər. Gələndə də hərə öz kəndinin, şəhərinin nağıllarını özü ilə buraya gətirib. Bu şəhəri tikiblər, burda evləniblər, uşaqları dünyaya gəlib. Uşaqlarına da həmişə o nağılları danışıblar, - özləri ilə gətirdikləri nağılları.Ancaq mən istəyirəm ki, mənim şəhərimin öz nağılı olsun. Böyüklər  də uşaqlara onların doğulduğu, böyüdüyü şəhərin nağılını danışsınlar. Məncə hər bir kəs Vətəninin tarixini öyrənməzdən əvvəl onun nağlıllarını öyrənməlidir.

 


Lap qədim zamanlarda, hələ Sumqayıt tikilməmişdən çox-çox əvvəllər, bu yerlər yulğun kolları ilə örtülü bom-boş çöllük olub. Dünyanın bütün karvan yolları bu çöllərdən keçirmiş. Yay-qış sinəsində cövlan edən küləklərin uğultusuna dəvələrin zınqoruvundan qopan sirli-sehirli səslər qarışarmış. Çöl beləcə hər axşam başını Xəzərin dizlərinə qoyub bu səslərin ahəngi ilə yuxulayar, elə bu səslərlə də dənizdən doğan günəşi qarşılayardı.Vaxt keçir, zaman ötür, yavaş-yavaş çölün sinəsindən dəvə karvanlarının ayağı kəsilir. Beləcə o, bir müddət küləklərin və dənizin səsinə qulaq asa-asa yarıyuxulu, yarıoyaq bir ömür yaşayır. Ancaq bir gün bir-birinə qarışmış insan səsləri və hələ indiyədək eşitmədiyi gurultular onu diksindirib yuxudan oyatdı. Gözünü açıb sinəsində çoxlu adamlar və maşınlar gördü. Adamlar maşınlarla onun sinəsini qazmağa, özləri ilə gətirdikləri daşdan və taxtadan kiçik evlər qurmağa başladılar.Çöl əvvəlcə narahat olsa da, sonra bu səslərə alışdı və insanların çıxıb gedəcəyi günü gözləməyə başladı. O bilirdi ki, susuzluqdan yanıb cadar-cadar olmuş sinəsində bu adamlar bir neçə gündən artıq yaşaya bilməzlər.Günlər, həftələr, aylar ötdü. Sərt qışı, isti yay əvəz etdi, sonra yenə də qış gəldi.Ancaq deyəsən insanların heç getmək fikri yox idi. Əksinə hər gün yaxın-uzaq obalardan, ellərdən gələnlərin hesabına onların sayı daha da artırdı. Beləcə çöl zaman ötdükcə insan və maşın səsinə adət elədi və başını Xəzərin dizinə söykəyib yenə də mürgüləməyə başladı. Bir gün yenə yuxuda dəvə karvanlarını gördü, zınqırov səslərini eşitdi. Mürgülü gözlərini açıb sinəsinə baxdı və gördüklərinə inanmadı. Onun sinəsində böyük bir şəhər tikmişdilər. Ancaq insanlar yenə də yorulmaq bilmirdilər. Şəhər get-gedə böyüyür, gözəlləşirdi. Bu çölün xoşuna gəldi. Ən çox xoşuna gələn isə insanların yeni tikdikləri şəhəri onun adı ilə Sumqayıt adlandırmaları oldu. İndi Abşeron yarımadasının şimalında, bir vaxtlar sinəsi qanqal və yulğun kolları ilə örtülmüş bom-boz Sumqayıt çölünün yerində abad və gözəl bir şəhər var. Azərbaycanın hər yerindən buraya gəlmiş insanların əl-ələ verərək qurub yaratdığı bu şəhər, həm də ölkəmizin, birlik və bütövlük rəmzidir. Hərdən başını anası Xəzərin dizinə söykəyib yatanda, yuxusuna ləngərli dəvə karvanları, zınqrov səsləri girən Sumqayıtın nağılları hələ bundan sonra yaranacaq. Özü də həmin nağıllar bu şəhəri tikən, ucaldan adamların yurdumuzun müxtəlif yerlərindən gətirdikləri nağıllardan yoğrulacaq. Mən isə inşanı necə yazacağımı artıq bilirəm. Mənim inşam sinəsində doğulub boya-başa çatdığım şəhərin böyük nağılının kiçik bir parçası olacaq.    Yay tətilində sinif yoldaşlarım ,dostlarım hərəsi bir rayona,bir kəndə nənələrinin,babalarının yanına getdilər. Mən isə heç bir yerə getmədim.Mənim nənəm də,babam da bu şəhərdə yaşayır. Atam,anam kimi mən də bu şəhərdə dünyaya gəlmişəm.Mən Sumqayıtlıyam…
Baxış sayı: 142
Açar sözlər:
Bookmark and Share




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında

sabiroghlu


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər

erməni  horadiz  qarabağ  avtomat  döyüş 


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites