AKİF SƏMƏD
İyulun 22-si Akif Səmədin doğum günüdür. Aramızda olsaydı 50 yaşına keçəcəkdi. Qismət olmadı... Düz 9 il bundan əvvəl Akifin 40 yaşına yazmışdım bu yazını... Ruhu şad olsun...
Dedilər Akif Səmədin 40 yaşı tamam olur, inanmadıq. Bu rəqəmə bir və ya iki sıfır da əlavə olunsaydı, bu başqa məsələ. İnanmaq olardı. Bəli, Akifin yaşı məncə elə bu qədərdir. Bu onun fiziki yox, mənəvi, genetik yaş ölçüsüdür. Yəni, onun yaşı qan yaddaşımızın yaşı qədərdir. Türklüyümüzün, böyüklüyümüzün yaşı qədərdir. O, göy çadır altda doğulub, sazımızla, qopuzumuzla bir köynəkdə böyüyən, Altaylardan Alplara qədər bir bayrağa tapınan türk kişisidir.
Qonmağa budağı yox,
Kölgəlik yarpağı yox,
Ölməyə torpağı yox,
Ömür yaman uzundur.
-deyə-deyə yüz illərdir ki, beləcə “Qiblə yelləri”nə qoşulub bu günümüzə yol gəlir Akif Səməd.
Bu dağların yarandığı günü görmüşəm,
Həmən gündən qəmi mənə günü görmüşəm,
İlk rəngi mən eşitmişəm, ünü görmüşəm,
Qoca baba, çox qocayam, yaşıma baxma.
-deyəndə əvvəli və sonu üfüqlərə qarışan ömür yolumuzu, tale yolumuzu göstərərək “uzaqlardan gəldiyimizi” bizə xatırlatmaq istəyir. Onun indiyə qədər yazdıqları da, dedikləri də bu uzun yolda gördükləri, eşitdikləridir.Çoxlarının unutduqları, çoxlarının isə unutmaq və unutdurmaq istədikləridir.
Akif Səməd yazdıqlarında türkün dünyagörüşünü, fəlsəfəsini, danışığında və davranışında türk əxlaqını, mənəviyyatını, xarici görünüşündə, görkəmində təmiz türk irqinin çalarlarını yaşadan bir şairdir. Ağıryana yerişi, duruşu, danışığı ilə Adəmdən Akif Səmədə doğru yol gələn bir sufi dərvişdir, o.
Gah bu yolun əvvəlində
Yanmaq yaraşır ömrə,
Qulam Allahdan əmrə
Nəsimi, Yunis İmrə
Sözümə yol gedirəm.
Gah da yolun sonunda durub:
Çox da yollar buz, qarıymış,
Fələklər bizə yarıymış,
Bircə qarış yol varıymış.
Adəmdən Akif Səmədə.-deyir.
O, “ömrü özünə yaşayan” bir dərviş babadır. Və qərib-qərib ətrafına baxıb:
Hamının işi Allahlıq,
Allahlıq –sabah-sabahlıq,
Hanı dərvişanə şahlıq,
Hanı şahanə dərvişlik,- deyə dünyanı suala tutur. Elə bu sualın cavabındaca çox şeylərin, dünyanın özündən başlamışpalçıq bütlərə qədər hər şeyin çatı aydınca görünür Akif Səmədin oxucularına. Ancaq onların xəbəri yoxdur ki, necə belə suallar şair ürəyinə çat salasa da, onu nə sındıra, nə də öldürə bilir. Çünki, Akif Səməd üçün:
Ölüm nədir?-adi divar,
Həllac Mənsur var, Hadi var,
Ölüm fağırın adı var,
Qardaş, ölüm nəmənədir.
Beləcə dünyanın əvvəlinəvə sonuna, həyata və ölümə meydan oxuya-oxuya, Tanrıtərəfindən ona mükafat kimi verilmiş türklüyünü, imanını, şairliyini və adını qoruya-qoruya bu gün aramızddır Akif Səməd.
"168 saat" qəzeti, 23 iyul, 1999
Baxış sayı: 92
Açar sözlər:


Allah köməyiniz olsun, Füzuli bəy! Akifi yad etməkdə çox yaxşı iş gördünüz. Ruhu şad olsun!
İyul 23, 2008 13:34
Chox sevindim, bu gun bir chox qezetleri aradim, onun haqqinda bir yazi varmi deye... Amma demek olar ki, tapmadim, bu yazini bir az gec oxusam da, size teshekkurumu bildirirem, ne yaxshi ki, onu xatirlayan insanlar hele ki var.
Avqust 9, 2008 14:35