OLMADI
Hər ürəyə yüklənmədim,
Hər dərd ilə təklənmədim.
Nahaq zilə köklənmədim,
Bəmim olmadı.
Ayım, ilim məndən ötdü,
Kirkirə tək gün üyütdüm.
Özümdə bir "Mən" böyütdüm,
Mənim olmadı.
Qəlbimi şuma döndərdim,
Hər nə əkdim şer dərdim.
Öldü neçə şer dərdim,
Qəmim olmadı.
Baxtıma çox qara yaxdım,
Nə verdisə daşa çaxdım.
Bağışladı məni baxtım,
Qənim olmadı.
Baxış sayı: 136
Açar sözlər:
MƏNI KÖVRƏLTMƏYƏ NƏ VAR
Haxdan gələn söz bəs edər,
Bir bənövşə üz, bəs edər,
Bir qarışqa əz, bəs edər,
Məni kövrəltməyə nə var.
Köhnə, qara saz səsiylə,
Qızıl bülbül qəfəsiylə,
Bir körpənin nəfəsiylə,
Məni kövrəltməyə nə var.
Güllələnmiş yarpaq göstər,
Qan çilənmiş torpaq göstər.
Yüz yaşlı bir papaq göstər,
Məni kövrəltməyə nə var.
Baxış sayı: 130
Açar sözlər:


